Yer kürəsinin temperaturu çox xüsusi intervalda təşkil edilmişdir
                          Amerikalı geoloqlar Frank Press və Reymond Siver (Raymond Siever) Yer səthinin temperaturundakı incə sazlamaya diqqət çəkirlər. Bildirdiklərinə görə; "həyat yalnız çox məhdud temperatur intervalında mövcud ola bilər və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır temperaturu arasında ola biləcək temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin temperaturu isə tam bu kiçik intervaldadır.
 Bu temperatur intervalının qorunub saxlanılması,  əlbəttə ki, Günəş ilə Yer kürəsi arasındakı məsafə qədər, Günəşin yaydığı  istilik enerjisi ilə də yaxından əlaqəlidir. Hesablamalara görə Yerə çatan  Günəş enerjisindəki 10%-lik azalma, yer səthinin metrlərlə qalınlıqda buzlaq  təbəqəsi ilə örtülməsiylə nəticələnəcək. Enerjinin bir qədər artması isə, bütün  canlıların qovrularaq ölməsinə səbəb olacaq.
                            Yer kürəsinin ideal temperaturunun, planetdə  bərabər şəkildə paylanması da olduqca əhəmiyyətlidir. Necə ki, bu tarazlığın  təmin edilməsi üçün, çox xüsusi bəzi tədbirlər alınmışdır. Məsələn, Yerin xəyali  oxunun orbit müstəvisinə olan 23⁰27′-lik meyilliyi, qütblərlə ekvator arasında  hava təbəqəsinin əmələ gəlməsinə maneə törədəcək ifrat istilik yaranmasının  qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütblərlə ekvator arasındakı  temperatur fərqi olduqca artacaq və yaşana biləcək hava təbəqəsinin yaranması  qeyri-mümkün olacaqdı.
                            Yerin öz ətrafında yüksək fırlanma sürəti də  temperaturun bərabər şəkildə paylanmasına kömək edir. Yer yalnız 24 saatlıq  müddətdə öz ətrafında fırlanır və bu sayədə gecələr və gündüzlər qısa davam  edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi  çox azdır. Bu tarazlığın əhəmiyyəti, bir günü bir ildən daha uzun davam edən  (yəni öz ətrafında fırlanma müddəti, Günəş ətrafında fırlanma müddətindən daha  uzun davam edən) və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000⁰  C-yə çatan Merkuri ilə müqayisə edildikdə görülə bilər.
                            Yerin relyef formaları da temperaturun bərabər  paylanmasına uyğun şəkildə yaradılmışdır. Ekvatorla qütblər arasında təxminən  100⁰ C-lik temperatur fərqi var. Əgər belə temperatur fərqi elə də kələ-kötür  olmayan bir səthdə yaransaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar yer  səthini alt-üst edərdi. Halbuki yer səthi, temperatur fərqindən ötrü yarana  biləcək güclü küləklərinin qarşısını alacaq kələ-kötürlüklərlə təchiz olunub.  Bu kələ-kötürlüklər, məsəl üçün, Alp-Himalay dağ qurşağı, Çində Himalay  dağlarıyla başlayıb, Kiçik Asiya yarımadasında Tavrla davam edərək Avropada Alp  dağlarına qədər uzanır və qərbdə Atlantik okeanına şərqdə isə, Sakit okeana  qədər gedib çıxır. Okeanlarda isə, ekvator üzərində yaranan yüksək temperatur,  suyun istiliyi mütənasib şəkildə paylaması sayəsində şimala və cənuba doğru  ötürülər.
                            Eləcə  də, Yer kürəsinin atmosferində temperaturu fasiləsiz şəkildə tarazlayan bəzi  avtomatik sistemlər də yaradılmışdır. Məsələn, bir bölgə həddən artıq isindikdə  buxarlanma prosesi sürətlənir və buludlar çoxalır. Bu buludlar isə, Günəşdən  gələn şüaların bir hissəsini əks etdirərək aşağıdakı havanın və səthin daha çox  isinməsinə mane olur.
                            Yerin  Günəşə olan məsafəsi, öz ətrafındakı fırlanma sürəti, orbit müstəvisinin meyilliyi  və relyefi kimi, bir-birindən müstəqil bir çox amil, planetin həyata uyğun  şəkildə isinməsini və istiliyin planetə mütənasib şəkildə yayılmasını təmin edər.  Yerlə Günəş arasındakı məsafənin xüsusi yaradıldığını qəbul etmək istəməyənlər  belə məntiq qururlar: “Kainatda Günəşdən olduqca böyük və ya daha kiçik  ulduzlar var. Bunların da mütləq öz planetar sistemləri ola bilər. Əgər bu  ulduzlar Günəşdən daha böyükdürlərsə, o zaman həyat üçün ideal planet, Yer  kürəsi ilə Günəş arasındakı məsafədən xeyli uzaqda olacaq. Məsələn, bir qırmızı  nəhəngin ətrafında Plutonun məsafəsində fırlanan bir planet, bizim planetimiz  kimi mülayim atmosferə malik ola bilər. Belə bir planet, həyat üçün Yer kürəsi  qədər əlverişli olacaq”.
Bu iddia çox mühüm tərəfdən əsassızdır: müxtəlif kütlələrdəki ulduzların müxtəlif şüalar yayacağı nəzərə alınmır. Ulduzların yaydıqları şüaların hansı dalğa uzunluqlarında olacağını müəyyənləşdirən amil, bu ulduzların kütlələri və kütlələri ilə düz mütənasib olan səth temperaturlarıdır. Məsələn, Günəşin, yaxın ultrabənövşəyi şüalar, görünən şüalar və yaxın infraqırmızı şüalar yaymasının səbəbi, 6000⁰ C-yə yaxın olan səth temperaturudur. Əgər Günəşin kütləsi bir qədər artıq olsaydı, səth temperaturu daha yüksək olardı.
                            Belə olan halda da, Günəşin yaydığı şüaların enerji  səviyyələri artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları həddən  artıq yaymağa başlayardı. Bu vəziyyət bizə, həyatı dəstəkləyəcək şüaları yaya  biləcək ulduzların, mütləq bizim Günəşimizin kütləsinə çox yaxın kütləyə sahib  olmasının zəruri olduğunu göstərir. Bu ulduzların bir planetdə həyatı  dəstəkləyə bilmələri üçünsə, onlar bəhs olunan planetdən, Günəş ilə Yer kürəsi  arasındakı hazırkı məsafə qədər uzaqda olmalıdırlar. Digər bir sözlə, bir  qırmızı nəhəngin, mavi nəhəngin və ya kütləsi Günəşdən nəzərəçarpan dərəcədə  fərqli olan başqa hər hansı bir ulduzun ətrafında fırlanan hər hansı planet,  həyat mənbəyi ola bilməz. Həyatı dəstəkləyəcək yeganə enerji mənbəyi Günəş kimi  bir ulduzdur. Həyat üçün əlverişli olan yeganə planetar məsafə isə, Yer-Günəş  məsafəsidir.
                            * * *
                            Buraya  qədər deyilənlərdən aydın olduğu kimi, Yer və Günəş, aralarındakı məsafə,  orbitləri, meyillikləri, yaydıqları şüa, enerji, bir sözlə, istənilən  təfsilatla birlikdə Allah tərəfindən insanların yaşamasına ən uyğun olacaq  şəkildə yaradılmışdır. Təkcə Günəşlə Yer arasındakı məsafənin tam lazımi ölçüdə  olması belə möcüzəvi hadisə olduğu halda, digər yüzlərlə, hətta minlərlə  xüsusiyyətin tam lazımi ölçülərdə olması, şübhəsiz ki, insan ağlının  hüdudlarını aşan hadisədir. Belə möhtəşəm sistemin təsadüfən əmələ gəlməsi,  şüursuz atomların əmələ gətirdiyi göy cisimlərinin təsadüfən tam lazımi yerdə  yerləşmələri, həyat üçün lazımi tarazlıqları müəyyən etmələri və buna uyğun  sistemlər əmələ gətirmələri qeyri-mümkündür. Bütün bu mükəmməl sistemlər  insanlar üçün Allahın üstün qüdrətinin və yaratmasının dəlilidir.
Quranda Allahın ucalığı, kainat və dünya üzərindəki hakimiyyəti, bütün bunlar qarşısında insanın şükür etməli olduğu belə bildirilmişdir:
Həqiqətən, sizin Rəbbiniz, altı gündə göyləri və yeri yaradan, sonra da ərşə ucalan Allahdır. Gündüzü, dayanmadan özünü təqib edən gecə ilə bürüyən, Günəşə, Aya və ulduzlara Öz əmri ilə boyun əydirən Odur. Bilin ki, yaratmaq da, əmr etmək də (yalnız) Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf surəsi, 54)
Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. Sizə istədiyiniz şeylərin hamısından verdi. Əgər Allahın nemətlərini saymağa çalışsanız, onu sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalımdır, çox nankordur. (İbrahim surəsi, 33-34)
Geri

